AZƏRBAYCANIN BİZNES TSİKLLƏRİNİN DƏYİŞKƏNLİYİ VƏ PUL SİYASƏTİ ŞOKLARININ ROLU
Açar sözlər
biznes tsikli, dəyişkənlik, pul siyasəti, SVAR, AzərbaycanXülasə
Bu məqalədə Azərbaycanın ümumi ÜDM-i, neft-qaz ÜDM-i və qeyri-neft-qaz ÜDM-in dəyişkənliyi onilliklər üzrə təhlil edilir və pul siyasəti şoklarının qeyri-neft-qaz ÜDM-in dəyişkənlikdəki rolu qiymətləndirilir. 2000-ci illərin ortalarında yaşanan neft bumu dövründə ümumi və neft-qaz ÜDM-də dəyişkənlik yüksək olmuş, lakin 2010-cu illərdə hasilatın sabitləşməsi bu dəyişkənliyin azalmasına səbəb olmuşdur. Əksinə, qeyri-neft-qaz ÜDM-in dəyişkənliyi həmin dövrdə artmışdır. 2020-ci illərin əvvəllərində isə neft-qaz hasilatında yenidən müşahidə olunan dəyişkənliyin artması ümumi və neft-qaz ÜDM-in dəyişkənliyində artıma gətirib çıxarmışdır. Bununla belə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki səylər fonunda dəyişkənliyin azalması tendensiyası müşahidə olunur. Pul siyasəti şokla-rının dəyişkənliyi 2010-cu illərdə, xüsusilə də 2015-ci il devalvasiyası ilə əlaqədar, maksimum həddə çatmış, lakin sonrakı dövrdə həyata keçirilən islahatlar nəticəsində sabitləşmiş və 2020-ci illərdə tarixi minimum səviyyəyə enmişdir. Bununla belə, dispersiyanın dekompozisiyası göstərir ki, pul siyasəti şoklarının qeyri-neft-qaz ÜDM-in dəyişkənliyinə təsiri məhduddur. Bu nəticə fiskal siyasət, əmək məhsuldarlığı, iqtisadiyyatdakı struktur dəyişikliklər, maddi dövriyyə vəsaitlərinin idarə edilməsinin təkmilləşdirilməsi, maliyyə innovasiyaları və ya xarici amillərin qeyri-neft-qaz sektorunun dəyişkənliyində daha mühüm rol oynadığını göstərir.